ÖMRÜN BİR ANI DA TARİXDİR

Bəlkə də on bir iqlim növünün doqquzundan çələng hörmüş Azərbaycanın əsrarəngiz təbiəti ilə seçilən diyarlarından birində- Yardımlıda dünyaya göz açdığım üçün lap uşaqlıqdan tənhalanıb saatlarla qayalıqlara, meşələrə, dərə və yamaclara, şırhaşırla axan dağ çaylarına tamaşa edər, rastlaşdığım hər hansı təbii abidəyə böyük maraq, heyranlıq və aludəliklə baxardım. Bu sirli, sehrli təbiət incilərinin necə yaranması haqqında öz-özümə suallar vverərdim, cavablar arayardım. Təsadüfi deyl ki, əlimə qələm alıb “Ana” sözünü yazmağa başladığım andaca ana təbiətə də aid rəsmlər cızmağa başlamışam.
Təbiət- gözəllik, təbiət- rəsm, təbiət- musiqi, təbiət- yaddaşlardan silinməyən ədəbi əsər- bir sözlə, təbiət büsbütün incəsənətin özüdür ki, yaranışından canlı aləmin diqqət mərkəzində dayanır…
Doğulub qoynunda boya-başa çatdığım Zenqaran kəndindən də Allah-Təala gözəl təbiəti- təbii gözəlliyi əsirgəməmişdir.      Zenqaran kəndi Yardımlının ən ucqar kəndlərindən biri sayılır və Savalan dağlarının ətəklərində, dəniz səviyyəsindən az qala iki min metr yüksəklikdə, meşə içərisində, yazı-yayı gül-çiçəyə qərq olan, buz bulaqları ilə tanınan səfalı bir yerdədir. Özünəməxsus, əksərən də yabanı meyvələri – alma, armud, heyva, gavalı, alça, əzgil, itburnu, qaragilə, sirgilə ilə bol olan bu kəndin örüşü həm də şəfalı bitkiləriylə – çiyələk, moruq, böyürtkən, baldırğan, kəkotu, əməköməci, dəvədabanı, çobanyastığı, quzuqulağı, gicitkən, dağkeşnişi, qırxbuğum, qatırquyruğu, saqqızağacı, quşəppəyi, quşüzümü, bənövşə, novruzgülü, bulaqotu, yarpız və sairə ilə də zəngindir. Lap kiçik yaşlarimdan hay-küylərinə yuxudan oyandığım kəkliyin, bildirçinin, torağayının nəğməsi, qaratoyuğun, bülbülün cəh-cəhi hələ də qulaqlarımda səslənir. Saatlarla çəmənlikdə, yoncalıqlar arasında uzanıb bu quşların nəğmə deməsini az dinləməmişəm…
Yaşlı nəslin nümayəndələrinin məlumatına görə Zenqaran kəndinin əsası Yardımlının böyük yaşayış məskənlərindən olan Hamarkəndin ailələri tərəfindən qoyulmuşdur. Hamarkəndlə Zenqaran məsafə baxımından bir-birindən çox da uzaq deyil. Bu kəndləri biri-birindən ilin bütün fəsillərində şırhaşırla axan kiçik dağ çayı ayırır.
Tarixçilər Hamarkəndin ilk sakinlərinin Azərbaycanın bu gün də böyük tayfalarından sayılan Mollalı tayfası olması qənaətindədir. Kəndin əksər torpaq sahələrinin bu tayfanın adı ilə adlandırılması həmin fikrə bir daha aydınlıq gətirir. Hazırda isə kənd üç- Mollalı, Səfixanlı və Bəylərli tayfaları əsasında formalaşmışdır.
Mollalı tayfasının adı ilə bağlı müxtəlif fikirlər var. Onun ulu babalarının Ərəbistandan gəldikləri də deyilir. Xalq etimologiyasına görə mollalıların tarixi Şeyx Hüseynin adı ilə bağlıdır. O, Cənubi Azərbaycandan Yardımlının Alar kəndinə gəlmiş Molla Alı xanın qohumu olmuşdur. Digər bir mənbədə isə Hamarkənd-Zenqaran kəndlərindəki Mollalı tayfası Şahsevənlərin tərkibindəki məşhur Muğanlı soyundan ayrılma olduğu göstərilir…
İnsan gənc yaşlarında həyata böyük sevinclə, səadət dolu ümidlə atılır. Hər şey onun gözləri önündə rəngarəng görünür. Lakin zaman keçdikcə bu sevincin, səadətin işığı azalmağa, sönməyə başlayır. Necə deərlər, baharın ardınca yay, yayın ardınca payız, payızın ardınca qış gəlir. Roma filosofu Epikur yaxşı deyib: “İnsan xoşbəxt olmaq üçün yaşayır, xoşbəxtliksə təbiətin çağırışına hay verməklə, ona itaət etməkdədir”. Yəni  bəzən arzu  arzu olaraq da qalır; qismətinə düşənlə, taleyinə yazılanla  barışmalısan.
Bakı Dövlət Universitetini bitirib bir neçə il Yardımlının Hamarkənd kənd orta məktəbində müəllim işlədim. Həyat yoldaşım, dünyasını çox vaxtsız dəyişmiş Afaq Cavadova da (Afaq Nəbiqızı- bax: saytdakı “O əsil qələm sahibi idi” yazısına) həmin məktəbin dil-ədəbiyyat müəllimi idi. Gözəl gənclik illərimizdi, şən, qayğısız. Lap elə yeniyetmə vaxtlarındakı kimi tez-tez meşələrin, çay qırağının, dərə və yamacların, bir sözlə, kəndimizin görməli, gəzməli yerlərinin seyrinə çıxardıq. Yazını, yayını demirəm, bu yerlərin qışında, xüsusilə də quşbaşı qar yağan dəqiqələrində dağ və yamaclarını, təpə və qayalıqlarını, meşələrini gəzməyin ayrı ləzzəti var… Bədahətən söylədiyim və sonralar “Ömrü verməyin bada” kitabımda (Bakı,1997) toplanmış aşağıdakı misralar da həmin günlərin, anların yadigarıdır:

Bura bir aləmdi, sirli bir aləm,
Gümüşü zirvənin qanadına bax.
Sərt qaya döşündə göyə ucalan,
Bu qoca palıdın inadına bax!

Yaxud:
Sərin-sərin səmasından meh əsdi,
Sürü keçdi, çoban yaman tələsdi.
Bir səs gəldi, dönüb baxdım vələsdi,-
Yardımlının qucağında dil açıb…

Azərbaycan xalqını dünya şair xalq adlandırır. Bəlkə elə buna səbəb təbiətinin füsunkarlığı-bərəkətli düzləri, başı qarlı uca dağları, sərin buz bulaqları, yamyaşıl sıx meşələri, Dəli Kürü, Xan Arazı, Göy gölü, mavi Xəzəri olmuşdur.
Həyatımda, belə desək, fövqəlada xarakterli heç nə olmayıb. Zəhmətkeş kəndli ailəsində böyümüşəm. Atam Xudaverdi kişi ortaboylu, xoşsimalı, olduqca mehriban, hər bir kəsi yaşından, şəxsiyyətindən asılı olaraq öz dilində danışdırmağı bacaran, deyib-gülən, yeri gələndə zarafatından qalmayan, hörmətçil bir adam idi. Ailəsini, əsasən, dülgərlikdən əldə etdiyi qəpik-quruşla dolandırardı. Atam həm də din adamı idi. Quran oxuyar, Quran ayələrindən əzbər söyləyər, vaxtlı-vaxtında namaz qılar, oruc tutardı. Mən onu bircə dəfə də olsa namazını qəzayə verən görməmişdim.
Atamın özündən başqa dörd qardaşı, bir bacısı vardı. Böyüklər – Ərzulla, atam, onlardan kiçiklər- Abiəli, Şirvan, Qasım, lap kiçikləri isə Gülqız bibim  idi. Şirvan əmim müharibəyə gedib, geri qayıtmamışdı.                               Mən tarixin dərinliklərinə baş vura bilmərəm. Eşitdiklərim, bildiklərimsə ancaq  yaxın keçmişimizlə bağlıdır. Ulu babamız Ağa Qasım adlı bir şəxs olub. Onun dövrünün sayılıb-seçilən kişilərdən olduğu söylənilir. Bu gün də qohumların çoxu “Qasımlı”, “Qasımov” soyadını daşıyır. Ağa Qasım kişinin övladlarından olan Xosrovun  on üç uşağı- səkkiz oğlu:  Mirzə Kərim, Ağa Kərim, Museyib, Ağa Rza, Zülfüqar, İsmixan, Allahverdi, Yusif və beş qızı:  Narıngül, Zabitə, Osandıq, Badam, Xanımnisə dünyaya gəlir. Onlardan ancaq üçünü- Museyibi, Ağa Rzanı və  İsmixanı görmüşdüm; bu gün də simaları gözümün qabağındadır.                             Museyiblə Ağa Rza Sovet hakimiyyətinin elə ilk illərindən  ailələriylə birlikdə Yardımlıdan köçüb Puşkin   ( indiki Biləsuvar)  rayonunda yaşayırdılar. Museyiblə  Ağa Rza kişi orta məktəbdə oxuduğum illərdə, İsmixan kişi isə onlardan xeyli sonra dünyasını dəyişdi. Hər üç qardaş kəndinin, elinin, obasının qeyrətini çəkən, heç kimin qabağında diz çöküb əyilməyən, sözü hər kəsin gözünün içinə  şax deyən adam idi…                 Ağa Kərim babam cavankən rəhmətə gedir. Ailənin ağırlığı nənəmin- Balı nənəmin üzərinə düşür. Balı nənəm Yardımlının uzunömürlülərindən sayılırdı. Çox təəssüf ki, sağlığında istər dövri mətbuatda, istərsə də televiziyada bu barədə heç nə deyilmədi. Yadımdadır, mən əsgər gedəndə boynuma sarılıb dedi: -bala, gedirsən, ancaq qayıdanda bir də məni görməyəcəksən. Amma nənəm ondan sonra nə az, nə çox, düz 31 il də yaşadı. 1997-ci ilin fevralında, atamın ölümündən 3 il sonra, 125 yaşında əbədiyyətə qovuşdu. Ağakərim babamın isə mən üzünü görməmişdim. Onun barəsində bilgilərimi atamdan, anamdan,əmilərimdən alırdım.
Balı nənəmdə kişi hünəri, kişi cəsarəti vardı. Gözümü açandan mən onu at belində görmüşdüm.
Zenqaran kəndindən azca aralı- cənub istiqamətində müxtəlif növ iri gövdəli ağaclarla zəngin qalın, sıx meşə yerləşir. Uzun illər ondan həm tikinti materialları, həm də yanacaq kimi istifadə edildiyindən indi xeyli seyrəlib. Meşənin içi ilə- üzü yoxuşa dolana-dolana dırmanan 15-20 kilometrlik daşlı-çınqıllı dağ yolu həm də bu bölgənin axar-baxarı ilə seçilən Mursaqlı, Yuvagah, Soyuqbulaq, Çobançağıran daş, Tiydaş, Baldırğanlı dərə, Haçayurd, Dərəkeçməz kimi yaylaqlarından keçir.
Balı nənəm danışırdı ki, yazın ortaları olardı. Mal-qaranı Yuvagah yaylağına aparmışdıq. Gecənin bir aləmində səs eşidib komadan bayıra çıxdım. Ay batdığından ətrafa zil qaranlıq çökmüşdü. Xeyli ora-bura göz gəzdirdikdən sonra gördüm külək çardağdan nehrəni yerə salıb, sındırıb. Fikir məni götürdü, nə edim? Sübhdən nehrə tökməliyəm?! Zəhməti bir yana, iki iri qazanın qatığını çürüdüb atasıyammı? İstədim uşaqları oyadıb xəbərdarlıq edəm, ancaq qıymadım, çox şirin yatmışdılar. Özlüyümdə qət elədim ki, nehrə gətirmək üçün kəndə getməliyəm. Özü də bu dəqiqə, vaxt itirmədən. Elə də elədim. Tələsik atı gətirib yəhərlədim, heç kimin xəbəri olmadan minib gecənin o qaranlığında obadan çıxdım və Yuvagah meşəsinin içi ilə, neçə-neçə dərə-təpədən, qayalıqlardan keçən o yolla yarıçaparaq kəndə tərəf sürdüm.
Nehrəni götürüb gəldiyim yolla da geri qayıtdım. Obaya çatanda günün gözü yenicə qızarırdı. İnəkləri sağıb kövşənə ötürdüm, südü bişirdim, nehrəni çalxaladım, yağını, ayranını ayırdım və süfrə açıb, heç nə olmamış kimi, uşaqları yuxudan oyadaraq səhər yeməyinə səslədim…
Anam Bibixanım Mahmudəli qızı da Zenqaran kəndində dünyaya göz açıb. Anamın ulu babaları- Heydərli tayfası- çox-çox əvvəl Lerik bölgəsindən köçərək bu kənddə məskunlaşıblar. Ana babam Mahmudəli əslən Lerik bölgəsindən olan Mərcan adlı qızla evlənir. Bu evlilikdən dayılarım – Qardaşxanla Tərxan, xalalarım – Xanımgüllə Sarıgül və anam Bibixanım dünyaya gəlir.
Mərcan nənəm balacaboy, girdəsifət, olduqca mülayim bir qadın idi. Babam Mahmudəli kişiylə müqayisədə o tez dünyasını dəyişdi. O vaxt mənim ancaq 7-8 yaşım olardı.
Mahmudəli babamdan söz düşəndə anam onun ailədə çox zəhmli, sərt olduğunu söyləyərdi. Həmçinin, onu da söyləyərdi ki, babanız böyük səbr və təmkin sahibi idi, ürəyindəkilərini, lap elə çarəsiz dərd-səri də olsaydı, çox vaxt bizlərdən gizli saxlayar, heç birimizlə bölüşdürməzdi.
Mahmudəli babamın Şahverən adlı bir qardaşı da vardı. Hər iki qardaş pəhləvan cüssəli – ucaboy, enlikürək, buğanı buynuzundan tutub göyə qaldırmağa qadir olan adamdı. Şahverən kişinin meşədən çiynində şalban gətirməsini öz gözlərimlə görmüşdüm.
Şahverən kişi kolxozun əkin sahələrinin qarovulunu çəkərdi və insafən desək, öz işinə böyük məsuliyyətlə, vicdanla yanaşardı. Quzeyli-güneyli əkinə yararlı sahələrdə buğda ilə yanaşı arpa, noxud, darı, mərci, paxla, və lərgə də əkilərdi. Məhsul yığımında- böyükdən kiçiyə- hamı çox fəal iştirak edərdi.
Şahverən kişinin gözünü oğurlayıb bir dəstə sütül noxud,paxla, yaxud lərgə dərib aparmaq çox az adama nəsib olan iş idi. Onun qorxusundan zəmilərə quş da səkə bilməzdi. Gün çıxandan gecə yarısına kimi çölləri gəzib-dolaşan Şahverən kişi xəlvəti guşəyə çəkilən kimi qəmli, kədərli notlarla köklənmiş boyatılar deyərdi. Bunlar adi boyatı deyimi deyildi. Bunlar uzun illərin ağrı-acısını dağlarla, dərələrlə, meşələrlə də bölüşmək istəyən bir insanın harayı, naləsi idi. Şahverən kişinin daha çox oxuduğu aşağıdakı ağı-boyatı yəqin ki, Zenqaran kəndindəki yaşlı nəslin  yaddaşında bu gün də yaşamaqdadır:

Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı!?

Sonralar anamdan öyrəndim ki, Şahverən kişinin tək bircə oğlu varmış, o da müharibəyə gedib qayıtmayıb.
Böyüklərdən eşitmişdim ki, dayı insana digər qohumlardan bir köynək yaxındır. Görünür, bu fikir uzun illər sınağa çəkildiyindən bu gün artıq el deyimi adını qazanıb. Ayaq tutub yerimək istədiyim andan dayılarıma fəxarətlə baxmışam, hər ikisi qürur mənbəyim olub, dərd-sərimi, ağrı-acımı onlarla da bölüşdürmüşəm, ilk istəyimi, ilk arzumu həm də onlara açmışam.
Böyük dayım Qardaşxangilin evilə bizim evin arası bir neçə metrlik idi. Bir ayağım həmişə onlarda olardı. Qardaşxan dayımla ünsiyyətdə olmağdan ləzzət alardım. Bəzən gecələr ailəliklə birlikdə başına yığışardıq və o bizə heç vaxt eşitmədiyimiz çox maraqlı nağıllar, rəvayətlər, dastanlar danışardı.
Mütaliəni çox sevirdim. Ciddi mütaliəyə hələ ibtidai siniflərdə oxuyarkən başlamışdım. Yeddinci sinifdə oxuyanda “Min bir gecə nağılları” Azərbaycan dilində yenicə nəşr olunmuşdu. Kitabxanaya getdim ki, mən də onu alıb oxuyum. Amma Hamarkənd kənd kitabxanasının ən fəal oxucularından olsam da həmin kitabı mənə vermədilər, dedilər ki, onu oxumaq hələ səninçün tezdir
Aradan bir ay keçməmişdi ki, həmin kitabı Qardaşxan dayımgilin rəfində gördüm. Bilirdim ki, o dâ kitab həvəskarıdir. Və çox vaxt işdən sonra gecələr lampa işığında mütaliyə edərdi.
Mən “Min bir gecə”ni əlimə götürüb vərəqləyirdim ki, Qardaşxan dayımın həyat yoldaşı Nurxanım (allah onu rəhmət eləsin) -“dayın bilsə acıqlanacaq. Tapşırıb ki, heç kim əl vurmasın” – dedi.
Mən tutuldum. Kor-peşiman kitabı qaytarıb yerinə qoydum.
Dayım arvadı pərt olduğumu görüb dedi: yaxşı, onda götür oxu, ancaq dayin işdən qayıtmamış gətir yerinə qoy.
Biz razılaşdıq və mən dayımdan xəlvəti hər gun dərsdən sonra kitabı götürüb oxuyur, gün əyilənə yaxın gətirib yerinə qoyurdum.
Bu minvalla da “Min bir gecə” naqıllarının 1 və 2- ci cildini oxuya bildim.
Qardaşxan dayımla arabir zarafatlasırdım da. Ancaq bəzən onun mənə qarşı olan səmimiyyətindən uşaqcasına istifadə edər, onu incidər, özündən çıxardardım.
O illərdə yaşıdlarımızin hər birində əldə düzəlmə oyuncaq tapança olardı. Bu oyuncaq tapançanı kibritlə doldurub atəş açardiq. Oyuncaq olsa da səsi əsil tüfəngdən, tapançadan geri qalmazdı. Bir gün əlimdə “tapança” yene dayımgilin həyətində var – gəl edirdim. Dayım eyvanda oturub nəyisə rəndələyirdi. Hərdən də gözlərini çəkib mənə nəzər salırdı. Bir az keçəndən sonra ayağa qalxıb mənə dedi:
Bacıoğlu (həmişə məni belə çağırardı), ehtiyatlı ol, düyəni ürküdərsən, tövlənin qabağında bağlamışam, doğum ayağındadır, yanında tapança- zad atma, ipi qırıb qaçar, tələf olar.
Atalar bu yerdə deyib: Dəlinin yadına daş salma, çünki xətası ola bilər.
Yavaş- yavaş arxaya, doqqaza sarı çəkildim, küçəyə çıxıb bu dəfə “tapanca”ya kibriti daha çox doldurdum.
Dayım getdiyimi zənn etmişdi. Daha boylanıb həyətə baxmırdı. Mən fürsətdən istifadə edib təzədən evin arxa tərəfindən həyətə daxil oldum, tövlənin qabağına gəldim. “Tapança”ni düz düyənin qulağına söykəyib atəş açdım. Düyə necə ürkdüsə, de bayaq çatısınl qırıb köndələn yolla (bu yol elə belə də adlanır) meşəyə tərəf götürüldü.
Qardaşxan dayım deyinə- deyinə heyvanın dalınca qaçdı və düyəni yaxınlıqdakı meşədən, “Kölət bulağı” adlanan bulağın yanından çətinliklə geri qaytara bildi.
Mən bununla da kifayətlənmədim. “Tapança”ni bir də doldurub yolun kənarındakı kolluğda gizləndim. Baxdım ki, dayım düyəni qabağına qatıb gətirir. Onlar mənim gizləndiyim yerə catar- çatmaz ikinci atəşi açdım. Belə olan halda Qardaşxan dayım necə əsəbləşdisə heyvanı buraxıb mənim dalımca düşdü. Mən meşənin içi ilə necə gəldi Zenqaran çayına doğru qacirdim, o da qovurdu.
Əlbəttə, dayım məni tuta bilmədi. Mən çayı keçib güney yamaclarinin birində gizləndim. Dayımsa məni tapmayıb geri qayıtmışdı.
Düyəni bir gün sonra kənddən dörd – beş kilometr aralıdakı meşədən tapdılar. Yenicə doğulmuş buzovu ilə birlikdə. Nə yaxşı ki, qurd-quş toxunmamışdı.
Anam çoxları kimi nehrə çalxayardı. Təzə nehrə yağından arabir də Qardaşxan dayıma göndərərdi. Özü də bu yağı cox vaxt dayımın özünə verərdik.
Novruz bayramı qabağı idi. Buna baxmayaraq, hər tərəf ağappaq qara bürünmüşdü. Həyətdə uşaqlarla qartopu oynayır, buz üzərində sürüşürdük.
(ardı var)

QURANİ-KƏRİMDƏN QAYNAQLANAN ŞEİRİYYƏT

Ilahi hikmətlər daşıyıcısı olan Qurani-Kərim əsrlər boyu ədəbiyyat xəzinəsi üçün tükənməz qaynaq olmuşdur. Klassik fikir daşıyıcılarımızın,ünlü qələm sahiblərimizin əksəriyyəti bu müqəddəs, qutsal kitaba dönə -dönə üz tutmuş, ondan islami təfəkkürlə bağlı yaradıcılıq psixologiyasının çeşidli çalarlarını əxz etmişlər.
Tapdıq Əlibəylinin Quran ayələrinə, Quran qissələrinə istinadən yazdığı şeirlər bütöv bir sistem olmaqla diqqət çəkir.Şübhəsiz, bu cəhət ilkin olaraq onun Quran bilgisiylə şərtlənir.
Tapdıq Əlibəyliyə görə, nisgilli əndişələrdən xilas olmaq üçün nicat yolu Ulu Yaradanın dərgahına sığınmaqdır. Bu qənaət onun irfan poeziyasıdakı təlqinlərinin özülündə dayanır.
“Allah yoluna çağıran, yararlı bir iş görən və “Mən özümü Allaha təslim edənlərdənəm” söyləyəndən daha gözəl kim söz deyər? ” (Qurani- Kərim , Fussılət surəsi, ayə 33 )

Səs : -Allahu Əkbər, Allahu Əkbər…
Islamın “dili”ylə Xaliqdən xəbər.

Səma tək sonsuzdur, qübbədən uca,
Dəryalartək dərin edilən rica.
Bu səsin sehrindən üfüq boyunca
Goylərdən enərlər sanki mələklər…

Əzəlin, əsrarlı kainatın, dünyanın yaradıcısı kimdir? İlk yaranışın səbəbi nədir? Təbiətdə və insanın daxili aləmindəki neçə-neçə müəmmalar necə açılmalıdır?
Ən böyük təbiət alimləri zaman-zaman bu suallara doğru –dürüst cavab tapa bilməyiblər və bu barədə bu gün də qəti söz deyə bilmirlər.
Allah kəlamında deyilir: ” Onlar dünya həyatının sadəcə zahirini bilirlər, axirətdən isə tam xəbərsizdirlər .” (Qurani-Kərim, Rum surəsi, ayə 7 )
Tapdıq Əlibəyli yazır:
Ağac da, heyvan da, quş da, böcək də
Böyük Yaradana edirlər səcdə.
Bəşər ovladısa ilkindən uzaq ,
İblis əməllərlə gəlibdir vəcdə.

Getdiyimiz yoldan geri dönməli,
Harda ki, yox idi şeytan əməli.
Xəlq edən kəm baxmaz yaratdığına,
Tanrıya uzansın bəndənin əli.

Qurani-Kərimdə Qədir gecəsinin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! Sən nə bilirsən ki, Qədir gecəsi nədir?! Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və Ruh(Cəbrayıl) Rəbbinin izni ilə yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.) (Qurani-Kərim, Qadr surəsi, ayə 1-5)

İnsan gəlişiylə sirli-soraqlı,
Agah etmək üçün nazildi Quran.
Əli dəstəmazlı , ağzı dualı,
Əbədi yol gedir Rəbbinə insan.

Tanrının hökmüylə “Qədir gecəsi”
Mələklərin göydən enən günüdür.
Qəlblərə nur saçır Tanrı sevgisi,
İnsanın Rəbbinə dönən günüdür.

İslam tarixindən məlumdur ki, 623-cü ildə Məhəmməd peyğəmbər (570- 632) Mədinədə yəhudilərlə əlaqəni kəsir, qibləni Qüdsdən Məkkəyə tərəf çevirir. Ramazan ayını orucluq ayı elan edir və dindarları yəhudilərin şeypur , xtistianların kilsə zəngləri ilə ibadətə çağırışını azan verməklə əvəz edir. Qiblənin üzü Məkkəyə tərəf çevrilməsi , Qüdsü rədd etmək –Peyğəmbər tərəfindən Kəbənin müqəddəs yer kimi qəbul edilməsi demək idi.
“Yer üzündə bitən bütün ağaclar qələmlərə dönsələr, dəniz də mürəkkəbə-yeddi dəniz də üstəlik mürəkkəb olsa belə yazılmaqla bitən deyl Allahın kəlamları .” (Qurani-Kərim,Luqmən surəsi, ayə 27)
T. Əlibəyli Rəbbimizə sevgi fəhmiylə yazır:
Rəbbimizin rəhman-rəhmi,-
Qüdrətində sevgi fəhmi.
Göy üzündən Yerə kimi
Insanlara məhəbbətdir.

Dünya düşür haldan-hala,
Mütləq olan Yaradanla.
“La ilahə illəllah”la
Islam dini hidayətdir.

“ Ruhum göylərdəsə, köçə hazıram”-deyən şair Ulu Tanrıya üz tutur, “təşnə ruhun yanğısıyla” iblis torunun külə dönməsini dua edir.

Tanrım, bizi şərdən qoru,
Sozalmasın ürək qoru.
Təşnə ruhun yanğısıyla
Külə dönsün iblis toru.

Quran qissəsinə üz tutaq: Şeytan Adəmə səcdə etməkdə Allahın buyuruğundan boyun qaçıraraq dedi: “Mən mənşə və mahiyyətcə Adəmdən üstünəm və heç kəs mənimlə bərabər ola bilməz. Heç bir varlıq mənim uca rütbəmə çata bilməz. Mən odun yanar cövhərindən yaranmışam, o isə qara gil tərkibindən. Ona görə də mənə yaraşmaz ki, ona səcdə edəm”.

Adəm- Həvva Haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi…
Haqqa dayaq doğulmuşuq.

“Adəmə səcdə eləyin “ demişdik mələklərə bir zaman.Hamı səcdə elədi, iblis eləmədi. Dedik: “Ey Adəm, sənə də , zövcənə də düşməndir o, şübhəsiz.Gözlə sizi cənnətən çıxarmasın , əziyyətə düşərsən …Şeytan pıçıldadı :” Ey Adəm, sənə əbədiyyət ağacını , fani olmayan bir səltənəti göstərimmi?” O ağacın meyvəsindən hər ikisi yedilər. “ (Qurani- Kərim ,Ta-Hə surəsi, ayə 116-117, 120 -121)

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı ,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı,
Şeytan əməlində nəfsin davası…

Quran qissəsində Adəmin oğulları olan Qabil- nəfsinə qul olan şər qüvvə, Habil isə haqqa bağlı olan, xeyir, yer üzündə öldürülən ilkin kəsdir.
“Nəfsi sövq elədi onu (qurbanı qəbul edilməyən-Qabil) qardaşını öldürməyə, öldürdü qardaşını(Habili). İtkiyə uğradı. “ (Qurani-Kərim, Məidə surəsi, ayə 30)

Dünyanın əşrəfi bəşər sakini,
Görən dərk edirmi Adəm ilkini?
Insan xislətində göyərib, bəlkə,
Qabilin Habilə nifrəti, kini…

İblis ürəklərdə çəkəndən keşik,
Bəndə Tanrısına çıxıbdı şərik.
Haqqa dayaq gəlib,amma nə yazıq,
Mələk libasında şeytanıq , şərik.

“İki tərəf (cənnət və cəhənnəm əhli) arasında pərdə var. Əraf üzərində hər iki tərəfi üzlərindən tanıyan adamlar dayanıblar. Cənnət əhlini səsləyərək “Sizə salam olsun “ deyərlər. Bunlar cənnətə girməyiblər , amma cənnətə girməyin arzusuyla yanırlar.” (Qurani-Kərim, Əraf surəsi, ayə 46)

Bu gecə yuxuma haram qatmışam ,
Halallıq üstündə köklənib ruhum .
İblis qarasına daş da atmışam,
Haramım ədalət, halalım , Ulum?!

Dünyaya gəlsə də neçə peyğəmbər,
Allah xofu yoxsa bəndə canında,
Ədalət korşalıb çalmayır zəfər,
“Əraf” əhli kimi məhşər anında…

İblisə üsyanmı -ədalət yolu?
Bəndəyə nifrətmi , ürəklər dolu?
Hər kəs öz qınında , Ulu Yaradan ,
Bu yol səninkisə , sən özün qoru!

“O gün gümüş tək əriyər göy, didilmiş yun kimi olar dağlar. Dost dostun hayına qalmaz, bir –birinin üzünə baxıb qalar dostlar o gün.Əzabdan qurtula deyə suç yiyəsi hazırdır qurban verə oğul-uşağını, arvadını , qardaşını,ona yaxınlarda yer vermiş olan qohumlarını . Yer üzündə kim varsa fəda eləyər özünün nicatı üçün .Cəhənnəm odundan heç nə xilas etməz onu.Dərisini, ətini bişirib qoparar bu od .Çağırar, çəkər özünə cəhənnəm haqqa arxa çevirən , haqdan üz döndərən kimsəni, bir kəsin haqqını vermədən sərvət yığan kimsəni .” (Qurani-Kərim, Məaric surəsi, ayə 8-18)

Artıbdır dünyanın şəri,
Tükənər Tanrının səbri…
Yer üzü ilkindən uzaq ,
Verilər qiyamət əmri.

“Elə ki, titrəm-titrəm titrədi yer və içindəki yüklərini çıxardı yer , insan deyər :”Bu nədir, nə olmuş yerə?” Üstündəki olmuşlardan o gün xəbər verər yer.” (Qurani-Kərim, Zilzəl surəsi, ayə 1-4)
Tapdıq Əlibəyli iki minlik eramızın sonuncu ilinin 25 noyabr gecəsi Bakını lərzəyə gətirən zəlzələdən təsirlənərək yazır:

Edibdir zəlzələ yer ilə yeksan,
Gör neçə kəndləri, neçə şəhəri.
Bu güc qarşısında acizdir insan ,
Nə qədər artsa da elmin hünəri.

Canlara vəlvələ salan zəlzələ
Bəlkə, bir sınaqdı , bəlkə də , çağırış.
O gecə hamımız verdik əl-ələ,
Bəlkə, bu məqamdan başlanır çıxış.

Tapdıq Əlibəyli “Müqəddəs torpaq- mübarək qədəm” publisistik yazısında torpağın müqəddəsliyini ilkinliklə(yaradılışla) bağlayır: ”Müqəddəslər sırasında , vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu , boya-başa çatdığı doğma yurddan , eldən , obadan başlayır. Bu əzəlilikdə bir paklıq , bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı , saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. Ilkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır… Əzələ! İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda … Görünür, bu da bəndənin Tanrısına dönüş məqamına yaxınlıq nişanəsidir. Bu müqəddəs duyğular Tanrının hökmüylə canımıza- qanımıza hopan “qayıdış“ işartısıdır.
İlahi kəlamın cazibəsinə düşürəm: ”Torpaqdan yaratdı Adəmi Allah.Sonra “Ol” -dedi ona,torpaqdan var oldu o ”. (Qurani -Kərim , Əl-i İmran surəsi, ayə 59)

Nəfsinə qul olan insan,
Dünyadan nə aparırsan?
Bir düşün, torpaqdır sonun,
Ömürdə nə qazanırsan? –
sualına şair başqa bir şeirində özü də cavab verir: “omrün qazancı”nı “rəhmət” , və “lənət”də görür. “Rəhmət”- savab əməllər, xeyir işlər, halallıq; “lənət”- rəzil əməllər, şər işlər , günahdan qaynaqlanır .
“Rəhmət”-cənnət xoşbəxtliyi ilə müjdədirsə, “lənət”-cəhənnəm əzabının xəbərdarlığıdır.

Ikicə kəlmədir ömrün qazancı-
Birisi “rəhmət”dir , birisi “lənət”.
Biri şirindirsə, birisə acı ,
Hər kəsin əməli özünə qismət.

“ Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.” (Qurani-Kərim , Bəqərə surəsi, ayə 81-82)
Araşdırmalar göstərir ki, Tapdıq Əlibəylinin Qurani-Kərimdən qaynaqlanan şeiriyyəti, poetik örnəkləri onun yaradıcılığında xüsusi yer tutmaqla, Qurani-Kərimin cazibəsində (işığında) mənəviyyat, ruhaniyyət məqamındadır…

MƏKTƏBLİLƏR MÜTALİƏDƏN UZAQLAŞIRLAR. SƏBƏB NƏDİR?

İnkaredilməz həqiqətdir ki, bu gün yaşlı nəslin nümayəndələrindən fərqli olaraq uşaqlar, daha dəqiq desək, məktəblilər mütaliədən uzaqlaşırlar. Buna başlıca səbəb kimi isə texniki inkişaf- kompüter,televizor, lap elə az qala yenicə ayaq tutub yeriyən körpənin də cibinə qoymaq istədiyimiz mobil telefonlar göstərilir. Və çox vaxt da belə qənaətə gəlinir, təsəllimiz bu olur ki, indi uşaqlar üçün əyləncə çoxdur, daha kitab oxumaq nəyə lazımdır?.
Əlbəttə, biz texniki yeniliklərin əleyhinə çıxış etmək fikrində deyilik. Dövrümüzü kompütersiz, mobil telefonsuz da təsəvvür etmək olmaz. Nə qədər ki, bəşəriyyət möbcuddur, insan axtaracaq, kəşf edəcək, yeniliklər yaradacaq və ona sahib olacaqdır. Lakin biz bu texniki yeniliklərin müsbət tərəfləri ilə yanaşı,mənfi tərəflərini, ilk öncə, sağlamlığımız,genefondumuz üçün hansı fəsadlar törədə bilib-bilməyəcəyini də düşünməliyik. Şübhəsiz, bu, başqa bir problemin söhbətidir və bu barədə dünya mütəxəssisləri öz sözlərini deməlidirlər…  
    Zərdüşt  babamızın “Avesta” əsərində belə bir ifadəyə rast gəlirik: “Yaxşı danış, yaxşı düşün, yaxşı davran”. Bu deviz o dövrdən indiyə qədər öz əhəmiyyətini itirməyib. Cəmiyyətin mədəni üzvləri həmin devizə əməl ediblər. Xüsusiylə ailədə, qohum-əqrəba arasında, uşaqların tərbiyəsində bu deviz mühüm rol oynayıb və indi də oynayır. Uşaq ilk təlimi,ilk tərbiyəni ailədə -ana qucağında, ata ocağında alır. Anasının öyrətdiyi zərif sözlər, atasının söylədiyi “başagəldilər” uşağın yaddaşına hopan ilk bilgilərdən olur. Çox çəkmir ki, ana tərbiyəsi bağça tərbiyəsi ilə əkizlənir. Yaxşı tərbiyəçi öz cazibəli söhbəti (nağıl, şeir, qiraəti ilə) uşaqların zehnini bir qədər də itiləyir. Sonrasa…məktəb illəri başlanır. Uşaq oxumağı, yazmağı öyrənir, hər sinfin öz tələbləri səviyyəsində ana dilinin səs sistemini, lüğət tərkibini, qrammatik quruluşunu mənimsəyir. Yəni yaxşı danışmağın, yaxşı düşünməyin, yaxşı davranmağın, belə desək, sistemli təlimi ailədə başlanır, bağçada, orta və ali məktəblərdə davam etdirilir, ictimai-siyasi həyatda təkmilləşdirilir.
Dünyanın görkəmli maarifçi- filosofları, elm adamları mütaliənin yetişməkdə olan nəslin tərbiyəsindəki müsbət rolunu dönə-dönə qeyd etmişlər. Biz özümüzdəki bütün müsbət keyfiyyətlərə görə ilk növbədə oxuduğumuz kitablara borcluyuq. Məhz həmin kitablardan əxz elədiklərimiz müasirliyə, gələcəyə daha gözü açıq baxmaqda, sabaha düzgün istiqamət götürməkdə bizlərə kömək etmişdir. “Qobusnamə”, “Kəlilə və Dimnə”, Sədi Şirazinin “Gülüstan”, “Bustan”, Şeyx Nizaminin “Xəmsə”si, Şeyx Əttarın “Pədnamə”si, Cəlaləddin RumininMəsnəvi”si,Ömər Xəyyamın “Rübailər”i və s. bu kimi neçə-neçə əxlaqi əsər  yüz illərlə nəsillərin zehninə hakim kəsilmiş, insanların həyat məktəbinə çevrilmişdir. Bəs bu gün necə? Bəşər mədəniyyətinin tacı hesab edilən kitabdan niyə uzaq qaçırıq? Bəlkə hazırki həyatımızda müşahidə edilən yalan danışmaq, xəbərçilik, oğurluq, böyük-kiçik yeri bilməmək,valideyn üzünə ağ olmaq, tamah məqsədiylə törədilən ağır cinayət, milli təəssübkeşlik hissinin azlığı, kosmopolit əhval-ruhiyyə və s. bu kimi mənfi halların yeniyetmələr arasında daha çox olmasının bir səbəbini də elə bunda axtarmaq lazımdır…
Bu gün ali və orta ixtisas məktəblərini bitirib, müəyyən vəzifə tutmuş gənclərin (bu sırada hətta pedaqoji universitet məzunları, müəllim diplomu almış gənclər də var) – deyərdik ki, əksəriyyətinin adi ünsiyyət mədəniyyətinə, müraciət formasına, danışıq etikasına, insanların cəmiyyətdə bir-birinə münasibətini tənzimləyən davranış-əxlaq normalarına əməl etməməsi, bəsit nitqə və yazı qabiliyyətinə malik olması adamda təəssüf hissi doğurur. Bəlkə bu da və sadalamadığımız digər çoxsaylı neqativ hallar da bununla bağlıdır…
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliyənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara fikir verək. Onların fikrincə, “kitab oxumaq təkcə intellektual qabiliyyəti yaxşılaşdırmır,həm də psixi və fiziki sağlamlığa müsbət təsir edir. Mütaliyə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki,onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir,əksinə,televizor onları itirir”.
Alimlər hesab edir ki,erkən yaşlarda böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır. Bu zaman beyin səbəb-nəticə əlaqələrinin uzun zəncirini qurmağı öyrənir. Cəmi altı dəqiqə kitab oxumaq stressin səviyyəsini 2-3 faizə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya sadəcə gəzintidən daha səmərəlidir…
Mədəni nitq vərdişləri,qeyd etdiyimiz kimi, ilk dəfə ailədə, bağçada aşılanırsa da, mütaliənin köklü təməli orta məktəbin ibtidai siniflərində qoyulur. Lakin səmimi etiraf etmək lazimdır ki, 20-25 il bundan əvvəlki illərlə müqayisədə indi orta ümumtəhsil məktəblərində – istər ibtidai, istərsə də yuxarı siniflərdə – şagirdlərin mütaliə, sinifdənxaric oxu, o cümlədən də yazılı və şifahi nitqlərinin inkişafı ilə bağlı işlər lazımi səviyyədə deyil, qeyri-qənaətbəxşdir.
Əlifbanı bitirib yenicə oxumağa, yazmağa başlayan məktəbli ayaq tutub təzə-təzə yeriyən körpəyə bənzəyir. Onu kompüter qabağında əyləşdirməkdənsə(bəzən saatlarla), yaxud “xətri xoş olsun”-deyə onun cibinə mobil telefon alıb qoymaqdansa, əvvəlcə ona mütaliə vərdişlərinə yiyələnməyi öyrətmək lazımdır. Bu çox mühüm, vacib və olduqca ciddi məsələdir. Və bu işə həm valideynlərin özləri, həm də müəllimlər çox böyük məsuliyyətlə yanaşmalıdır. Əks-təqdirdə sonrakı peşmançılıq fayda vermir.
Hesaba alsaq ki, 21-ci əsrin astanasında biz hələ də tədris vasitəsi kimi, başlıca elmi mənbə kimi kitablardan istifadə edirik, deyilənlərin nə dərəcədə düzgün, faydalı olmasına şübhə yeri qalmır. Bu gün çoxlarımız sosial şəbəkələrdən, müəyyən elektron mənbələrindən ciddi bilik mənbəyi kimi deyl, yalnız məlumat xarakterli ötürücü kimi istifadə edirik. Kompüter, belə desək, bütövlükdə tədris vəsaiti deyil. Heç olmazsa paralel şəkildə də olsa (o da ancaq nisbətən yuxarı siniflərdə) kitabdan istifadə etmək, kitabla işləməyə üstünlük vermək lazımdır.
Orta məktəblərdə mütaliənin təşkili işinə yanaşmalar,sadə dillə desək, çoxdur. Bu işdə əsas ağırlıq müəllimlərin, xüsusiylə də ibtidai sinif müəllimlərinin üzərinə düşür. Müəllim hər sinifin yaş və bilik səviyyəsinə müvafiq olaraq ədəbiyyatı seçib şagirdlərinə tövsiyyə etməlidir. Auditoriyalarda, belə desək, “oxu tövsiyələri” asılmalıdır. Şagirdlərin kitabxana ilə müntəzəm əlaqəsi yaradılmalıdır. İctimaiyyət tərəfindən qəbul edilmiş, tanınmış müəlliflərlə (yazıçı, şair, publisistlərlə, elm və mədəniyyət adamlarıyla) şagirdlərin görüşünü keçirmək, yeni kitabların təqdimat mərasimini, o cümlədən, oxucu konfransı və ədəbi-bədii gecələr təşkil etmək bu işə müsbət önəm verə bilər. Və belə tədbirlərdə yuxarı sinif şagirdlərinə daha çox sərbəstlik verilməlidir. Müəllim imkan verməlidir ki, şagird oxuduğu hər hansı əsəri özü təhlil edib, özü də qiymətləndirsin. Yuxarı siniflərdə (9-10-11-ci siniflərdə) artıq şagirdləri təkcə bədii deyil, həmçinin, elmi-publisistik, fəlsəfi-əxlaqi kateqoriyalı kitabların oxumasına da sövq etmək lazımdır.
Təbii ki, şagirdlərə necə gəldi kitab təqdim etmək düzgün olmazdı. Müəllim çalışmalıdır ki, mütaliə üçün tövsiyə etdiyi kitab tərbiyəvi əhəmiyyət daşısın, şagirdin milli qürur hissinin inkişafına kömək etmiş olsun. Əgər nəşr olunan hər hansı bir kitab özündə yeni baxış və fikirləri ehtiva etmirsə, o öz oxucusuna nə verə bilər? Etiraf edək ki, bu gün “kitab az oxunur” deyiriksə, onun digər bir səbəbi də məhz məzmunsuz kitabların işıq üzü görməsidir.
Orta məktəblərdə müəllimlər daha çox dil sisteminə, xüsusən qrammatikanı öyrətməyə səy göstərirlər. Nitq mədəniyyəti məsələləri, belə demək mümkünsə, bəsit tədris edildiyindən şagirdlər gözəl danışmağı bacarmır, hətta, danışmaq etikasından- müraciət, söhbətə qoşulma, sual-cavab, dinləmə, şad və bəd xəbəri çatdırma qaydalarından xəbərsiz böyüyürlər. Halbuki mədəni insan ədəbi dilin bütün incəliklərindən istifadə etməli və sözü, ifadəni, cümləni konkret məqamlarına, yerinə görə işlətməlidir. Bu yerdə bu boşluğu ancaq və ancaq, qismən də olsa, mütaliə doldura bilər. Əlbəttə, əgər şagirdlər buna istiqamətləndirilərsə. Öz şəxsi təcrübəmizdən aydın olmuşdur ki, mütəmadi mütaliə edən şagird, yaxud tələbə danışıq etikası, əxlaq, davranış və digər ədəb qaydalarına daha yaxşı əməl edir.
Bir müdrikdən soruşurlar:- hansı xalq daim inkişafda ola bilər? Cavab verir ki, gəncləri düzgün tərbiyə olunan xalq. Əgər biz insanlar yer üzünün əşrəfi hesab olunuruqsa, məhz mənəvi keyfiyyətlərimizə görə digər canlılardan fərqləniriksə, onda bu insani keyfiyyətləri daha uca tutmalı, onu inkişaf etdirməli, qorumalı, daim zənginləşdirməliyik. Qoy bizim sabahkı davamçılarımız, yetişməkdə olan gənc nəsil yaxşı keyfiyyətlərimizi öyrənib əxz eləsinlər. Yalnız yüksək mənəvi keyfiyyətlərə malik insan hərtərəfli, yetkin, bütöv, necə deyərlər, əsil vətəndaş ola bilər. – Fərqi yoxdur iş adamı olsun, alim olsun, ya da ayaqqabı tikən.
Elm, təhsil, maarif sahəsində çalışanlar-müəllimlər öz şəxsi nümunələri ilə, həyatdakı əməli hərəkət və davranışları ilə gənclərin, bütövlükdə xalqın tərbiyəçiləridir. Bu, həmişə belə olmuş və bundan sonra da belə olacaqdır. Odur ki, onlar öz fəaliyyətlərinin ictimai mənasını daha aydın və daha dərindən dərk etməlidirlər. Əgər buna əməl olunmazsa, yəni bu gün gənclərimiz üzərində düzgün təlim-tərbiyə işləri aparılmazsa, onda heç işıqlı sabahımızdan, gələcəyimizdən danışmağa dəyməz…

TAPDIQ ƏLİBƏYLİNİN İRFAN POETİKASI

Təbii ki, bu qeydlərim şair-publisist Tapdıq Əlibəyli yaradıcılığının yalnız bir qismi üçün səciyyəvidir və bütövlükdə onun poetik uğurlarını əhatə edə bilməz…                       Qısa arayış verək ki, Tapdıq Əlibəyli Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açmış, ali filoloji təhsil almış, iyirmiyə yaxın kitab,bir disk müəllifidir,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Konstitusiya” qəzetinin,”Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” mükafatı laureatıdır.
Tapdıq Əlibəylinin  yaradıcılığında bir xətt də keçir ki,bu müstəvidəki şeirlərə irfan işartıları,irfani düşüncə hakimdir. İrfan daşıyıcısı olan belə örnəklər klassik poeziyamızın dərin qatları ilə səsləşir.
Ərəb sözü olan “irfan” təsəvvüfdə “Allahı dərk etmə” deməkdir. İrfan idrakdır,mərifət elmidir,haqqa tapınıb nurlanmaqdır.
Tənqidçi Yaşar Qarayev yazırdı: “Təsəvvüf-həm din,həm də fəlsəfədir, yaxud, ayrılıqda nə din,nə də fəlsəfədir. Dindən fərqi: insanı və təbiəti o,xaliqin yaratdığı, yoxdan var etdiyi xilqət hesab eləmir, xaliqin özü, onun zərrələri,görüntüləri hesab edir. Dindar-ibadətlə, sufi-eşqlə,kamala yetməklə haqqa yetmək yolunu tutur”.

İki yolun ayrıcına çatmışam,
Biri işıq,biri zülmət -getməli…
Ay doğacaq, günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli…

Tapdıq Əlibəylinin təsəvvüf kontekstindən yanaşdığımız şeirləri asketizm ruhundan tamamilə uzaq olmaqla, sufizmin irfanilik məqamını özündə əks etdirir. Bu inanc dini ehkamlara kor-koranə, bəsit imandan fərqlidir.

Mən nə sufi,nə dərvişəm,
Hər ikisin haqq bilmişəm.
Soraqdayam,yol üstəyəm,
Haqq qatında bitib rişəm.

Rişəsi haqq qatında bitən  şair hansı yol üstədir? Kimin və nəyin sorağındadır?     Bu suallara cavab tapmaq üçün məhz elə  Tapdıq Əlibəylinin irfan poeziyasına bələd olmaq lazımdır.

Zərrə tamın tamahında,
Tapdıq haqqın güynahında                 
Verməz sənə baş, ay dünya!

Tapdıq Əlibəyli haqqın dərgəhına ruhi paklanma, saflaşmaqla can atdığını “günahlı” dünyaya bəyan edir, o dünyaya ki, dərviş (sufi) onu duya-duya tərki-dünyadır… Şair insanları dünyanın “əzablarına” (o əzablar ki, dünya malı yığmaqdan keçir) aldanmamağa çağ

Dünya özü yarım röya.                    
Nə vaxt bitər yuxularım?.

Dünya satır əzabları,                    
Aldanmasın alan barı.                    
Yuxu sandım bu  bazarı                  
Nə vaxt bitər yuxularım?

Böyük  Füzuli “Rindü Zahid” əsərində Rindin diliylə gözəlliyə ilahi məna verir: “Gözəllik Allah simasının aynasıdır, Allahın nurunun məzhəridir, Allahı axtaranların məqsədə çatmaları üçün yol göstərənidir”         Mövlana Cəlaləddin Rumiyə görə: Allah gözəldir, o səbəbdən gözəlliyi  və gözəli sevir. Bəbəklərimizdən bir dünya gözəlinə boylanan biz deyilik, Tanrının özüdür…                                   O gözəllik ki, Tapdıq Əlibəylinin qəlbini riqqətə,varlığını ehtizaza gətirib, bütün aləmi bürümüş gözəllikdir, əbədi feyzin mənşəyidir.

Gözümə,könlümə köçən gözəllik,-          
Tanrıdan boy alan bir əzəlilik.           
Gəlimdən gedimə yol-əbədilik.           
Baharla payızın gözəlliyitək.

Yarpaq gözəlliyi-baharın hökmü          
Xəzan gözəlliyi-yarpaq tökümü,            
Gəlimin gedimi-ilkə dönümü…            
Baharla payızın gözəlliyitək.                                                                                                                                                   
Sual doğur: Tanrıdan boy alan əzəli gözəllik, “gəlimin gedimi-ilkə dönümü” niyə məhz baharla payızın gözəlliyinə bənzədilir? Fikrin müstəqimliyindən məcaziliyinə keçid edək. Birinci bəndin birinci beyitində “görüntülənən” gözəllik gözdən könülə köçən olduğuna görə zahiridir. Yəni Tanrının aləmə bəxş elədiyi gözlə gördüyümüz bütün gözəlliklər. Birinci bəndin üçüncü misrası isə ruhi məqamla bağlanır və “görüntülənən” vəhdətdədir.                                                             İkinci bənddə iki fəsil (yarpaq-xəzan) eyniləşdirilir. bu məntiqə söykənib şeirin ehtiva etdiyi irfani mənanı anlamaq o0lar: Baharda təbiət canlanır,tumurcuqlar yarpaqlanır…ağaclar çiçəkləyir. Payız isə bar fəslidir,yəni payız nəticədir… Deməli, insanın dünyaya gəlişi-bahar,axirətə dönüşü -payız… Bax,bu müqayisədən qaynaqlanır şairin “baharla payızın gözəlliyitək” irfan qənaəti. Bu gözəllikləri görməyənlərin “soyuq baxışlarından üşüyən” şair  “qəriblik çəkəcək ruhumuz hələ”,-deyir.

Soyuq baxışlardan yaman üşüdüm,           
Bəlkə, ötəridir deyib, düşündüm.          
İllər sükutunda çilik ümidim…          
Qəriblik çəkəcək ruhumuz hələ.

Kövsər bulağıdır əbədi çeşmə,            
Qərib dünyamızda ruhumuz təşnə…        
Hazır deyiliksə haqq görüşünə,            
Qəriblik çəkəcək ruhumuz hələ.

Poetik təfəkkürün irfan qatlarından süzülüb gələn “Qəriblik çəkəcək ruhumuz hələ” şerində  T. Əlibəylinin dəruni sənətkar həssaslığı duyulmaqda və dəruni ağrıları özünü göstərməkdədir.

Hey harayın, səsin ruhdan alıbdı,        
İlahi yanğıyla cilalanıbdı.              
Bu, necə kədərdir, yuxutək baldı?…      
Yanğını sevirəm,yandığım zaman.

Şair bu  “qərib ümmanda” gümansızdırmı? Ona ney yanğısını sevdirən  nədir? Onun nisgilini, kədərini “yuxu tək bal”  edən kimdir?…   İrfan yolundakı ən böyük ariflərdən olan Mövlana Cəlaləddin Rumi “Məsnəvi” adlı əsərinə neyin hekayəsi ilə başlayır. Belə hesab olunur ki, neylə insanın hekayəti arasında bir bənzərlik vardır. Allah insanı xəlq etdikdən sonra ona öz  ruhundan üfürmüş və həyat vermişdir. Əzəli qamışlıqdan qoparılmış quru qamış olan neyə  də  neyzən öz ruhundan  üfürərək həyat verir. Ney qamışdan ayrı qaldığı üçün inləməkdədir. İnsan da haqdan ayrı düşdüyü üçün iztirab çəkir, qərib olduğu dünyadan qurtuluş yolları axtarır.                           Tapdıq Əlibəyliyə görə, nisgilli əndişələrdən xilas olmaq üçün nicat yolu  Ulu  Yaradanın dərgahına sığınmaqdır. Məhz bu qənaət onun irfan poeziyasındakı  təlqinlərinin özülündə dayanır.

Dünyayla qaldım üz-üzə                   
Sığındım təsəllim sözə.                  
İblisə yol yoldaşıyıq,                  
Çirkab,şərə dözə-dözə.

Haqqın yolları dumandı,                  
Ötüb keçəsi  gümandı.                    
Tanrı nuruna can atan                    
Adəmlə yaşıd inamdı.

T. Əlibəyli irfani düşüncəsiylə  bütün təriqətlərin  fövqündədir.

İnanc yeri məscid, kilsə,                
Fərq eyləməz Tanri bilsə…            
Minbərlərdə  duaların    
Gücü çatmır bir iblisə?…

Tapdıq Əlibəyli insan duyğularının minbir “rəngini” ustalıqla ecazkar sözlə  köçürür-seiriyyətə  çevirir:

Tənhalıqla kədər əkiz,                   
Üz qoynunda- xəyal dəniz.                
Həzinliyi məhrəm,əziz…                  
Duyğuların qürub çağı.

Qətrə-qətrə döndüm suya,                
Ağrıları duya-duya.                       
Biləmmədim gerçək,röya…                
Duyğuların qürub çağı.

Tapdıq Əlibəyli irfan poeziyası ilə haqqa gedən yolun yolçusudur. Qəlbində haqq bitmiş şairin sözünün qatı, özünün zatı halallıq fəxarətindədir:

Haqqa pənah gətirmişəm,                  
Əyri yolu itirmişəm.    
Qəlbimdə haqrr bitirmişəm  
Dayaz olmaz zatı dərin,                                                                              
Nizamında xeyrin-şərin,                  
Tərəfimdə halallıq var…

/p

ZENQARAN OYKONİMİ

Yardımlı bölgəsindəki bir sıra kənd adlarını- toponimləri  talış dili ilə əlaqələndirirlər. O cümlədən “zenqaran” sözünü də. Lakin araşdırmalar nəticəsində bu adların əksəriyyətinin nəinki Azərbaycanın digər ərazilərindəki,habelə, Orta Asiya və Rusiyanın Kazan vilayətindəki kənd adları ilə eynilik təşkil etdiyi bəlli olur. Bu isə həmin adların daha çox türk mənşəli olduğu ehtimalını artırır.
Bölgədə elə kənd adları var ki, ilk baxışdan onların mənşəyi ilə bağlı izahata ehtiyac duyulmur. Məsələn, Abasabad, Quzeykənd, Seyidlər, Əsədabad, Daşkənd, Çayüzü, Dağüzü, Qaraqaya, Vəlixanlı, Dəlləkli və s. Onlardan biri olan Hamarkənd “Azərbaycan toponimlərinin ensklopedik lüğəti”ndə hamar (düzən)- “düzəndə yerləşən kənd” mənasında izah edilir. Bununla belə, tədqiqatçı alimlər, dil tarixi araşdırıcılarının çoxu həmin fikirlə razılaşmırlar. Onlar “hamarkənd” toponiminin də qədim türk dilindən yarandığını söyləyirlər.
Bəs elə isə çox-çox sonralar Hamarkəndin ailələri tərəfindən əsası qoyulmuş (burada yaşayan yaşlı nəslin nümayəndələri də bunu birmənalı şəkildə etiraf etmişlər) Zenqaran kəndinin adı necə talış mənşəli ola bilər?
Hesab edirəm, bunlar hələ ki, ehtimallardır, fərziyyələrdir. Tariximizin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək daha tutarlı arqument və faktların tapılması üçün çox iş görülməlidir.

Yardımlı rayonundakı bürzünbül toponiminin mənşəyinə dair

Azərbaycanın bir çox bölgələrində olduğu kimi,Yardımlı rayonunda da əksər kənd adları etimoloji baxımdan bu günə qədər doğru,düzgün öyrənilməmişdir. Məsələn, Horavar, Ərsilə, Solqard, Zenqaran,Anzov, Mamılğan, Ökü, Şiləvəngə, Vərov və s. Və təbii ki,bunun başlıca səbəbi əldə tutarlı dəlilin,sübutun olmamasıdır. Deyilənlərin də əksəriyyəti fərziyyələrdir, ehtimallardır…
Bürzünbül adına gəldikdə isə bunu leksik məna daşıyan iki sözün(“bürzün” və “bül”) birləşməsindən yaranan mürəkkəb söz kimi tədqiq etmək lazımdır. Fikrimizcə, bu sözün ikinci tərəfi (“bül”) məkan,yer mənasını bildirir və “bel”,”bul”,”bıl” sözlərinin sinonimidir. Biz Oğuz-Türk xalqlarının qədim və müasir yaşayış məskənlərindəki kənd,şəhər,qala,yurd adlarında da bunu görə bilirik: Çənlibel,İstanbul,Yardimlı rayonundakı Perinbel,Cerinbel və s. Lakin zaman keçdikcə “bel” sözü yerli şivə və dialektlərin təsirinə məruz qalaraq, “bül”,”bul” şəklində, guman olunur ki, hətta,”bıl” formasında da işlənmişdir. Çoxları bununla razılaşar ki,haqqında söhbət gedən kəndin adı yerli camaat arasında bu gün də iki formada -“bürzünbül” və “burzunbul” kimi işlədilir. Bu isə onu deməyə əsas verir ki, “bürzünbül” sözündəki “bül”,qeyd etdiyimiz kimi, “bel”, “bul” sözlərinin fonetik variantıdır.
Araşdırıcıların bəziləri bu bölgədəki bir sıra toponimlərlə yanaşı, “bürzünbül” sözünü də talış dili ilə əlaqələndirir. Onların fikrincə, həmin söz “barzunbul” şəklində yazılmalıdır və bu da talış dilində “hündür kənd” mənasını verir…
Əlbəttə,istər Bürzünbül,istərsə də bölgədəki digər kənd adlarının birbaşa talış dili ilə əlaqələndirilməsi yanlışdır. Türk dünyası toponimləri ilə məşğul olanların əksəriyyəti bu ərazilərin eramızdan əvvəlki qədim yaşayış məskəni olduğunu söyləyirlər. Rayonun müxtəlif yerlərində aparılan arxoloji qazıntılar da bunu deməyə bizə əsas verir. Digər tərəfdən,yerli əhalinin XX əsrin əvvəllərinə qədər talışlarla çox az əlaqə və münasibət qurduğu faktı da dediklərimizə aydınlıq gətirir.
Tarixçilər,xüsusiylə dil tarixi araşdırıcıları “bur” (“bür” həmin sözün fonetik variantı olması şübhəsizdir) komponentinin qədim türk dillərində “yüksəklik”,”təpə” mənasında işləndiyini yazırlar. Buradan belə nəticə çıxarmaq olar ki, “bürzünbül”(həm də “burzunbul”) sözü türk mənşəlidir,”yüksəklikdə,təpədə salınmış yaşayış məntəqəsi” mənasını verir və toponim, komponentlərarası səsartırma nəticəsində müasir şəklə düşmüşdür.
Yardımlı ərazisindəki sözü gedən bu və ya digər toponimlərin öyrənilməsi,tədqiqi üçün Ərdəbil, Təbriz arxivlərini nəzərdən keçirmək də,fikrimizcə, işin xeyirinə olardı…

UNUDULMAZ GÖRÜŞ. Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə

Həyatda elə görüşlər olur ki, onu ömrün boyu unuda bilmirsən. Yaddaşına həkk olub qalır və zaman-zaman onun təəssüratları ilə yaşayırsan…
Biz nəslin uşaqlıq illəri indiki kimi qaynar keçməyib. Bu günün elmi-texniki yenilikləri də- televizor,kompüter və s. o vaxtlar bu qədər yayılmamışdı. İllah da rayon, kənd yerlərində ola. Bəlkə elə ona görə insanlar mütaliəyə çox meyilli idilər. Yaxşı kitab əl-əl gəzirdi. “Azərbaycan”,”Ulduz” jurnallarında maraqlı bir bədii əsər-roman,povest,hekayə dərc olunanda, onu bir-birimizə ötürərdik ki, qoy hamı oxusun…
Ciddi mütaliəyə mən ibtidai məktəbdə oxuyarkan-üçüncü sinifdən başladım. İlk oxuduğum bədii kitab Əli Vəliyevin “Madarın dastanı” olub. Kitabxana məktəbimizin (Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbinin) lap yaxınlığında idi. Fəal oxuculardan sayılırdım. Kitab seçməkdə kitabxanaçı da mənə yardım edirdi. Hətta bəzən götürdüyüm kitabla bağlı məni sorğu-suala da çəkərdi. Yoxlayardı görsün apardığım kitabları, doğrudan da, oxuyuram, yoxsa yox…
Səhv etmirəmsə, ya 4, ya da 5-ci sinifdə oxuyurdum. Yolumu yenə də kitabxanadan salmışdım. Girəcəkdə kiçik bir kitab sərgisi ilə qarşılaşdım. Baş tərəfdə iri hərflərlə yazılmışdı: “Mirzə İbrahimov-50”. Buradakı kitablardan birini götürüb vərəqləməyə başladım. Kitabxanaçı kişi bunu görcək mənə yaxınlaşdı:
-Hə, dost (həmişə məni belə çağırardı), deyəsən kitab xoşuna gəlir. Ancaq yaxşı olardı ki, sən onu bir neçə ildən sonra, yəni yuxarı siniflərdə oxuyasan. Yuxarı siniflərin ədəbiyyat dərsliyində həmin kitab haqqında daha çox öyrənəcəksən…
Dinmədim. Kitabı ehmalca yerinə qoydum. Bu, mənim sonralar-yeniyetmə çağlarında iki-üç dəfə böyük maraqla oxuduğum “Gələcək gün” romanı idi.
Kitabxanaçı bu dəfə də adətinə xələf çıxmadı. Yazıçılardan bir neçəsinin portretini mənə göstərib dedi:
-Tap görüm, buradakı şəkillərdən hansı Mirzə İbrahimovundur?
Mən böyük bir kəşf edirmiş kimi tezcə də şəhadət barmağımı Mirzə İbrahimovun portretinin üzərinə qoydum. Başqa cür də ola bilməzdi. Çünki Mirzə İbrahimov hələ cavan yaşlarından şöhrət qazanmışdı. Kiçikdən böyüyə,hamı onu tanıyırdı. Əlli yaşında artıq o, Azərbaycan EA-nın akademiki, Azərbaycanın xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim idi…
İllər ötdü, həm orta, həm də ali məktəbi bitirdim. Yardımlı rayonunda bir neçə il müəllim işlədikdən sonra ailəliklə Bakı şəhərinə köçdüm, Azərbaycan Dövlət Nəşriyyatı- “Azərnəşr”də redaktor vəzifəsinə işə düzəldim. Burada işləməyim imkan verdi ki, mən Azərbaycanın görkəmli şair və yazıçıları, o cümlədən,Rəsul Rza,Süleyman Rüstəm,İlyas Əfəndiyev,Əli Vəliyev, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Məmməd Araz, İsmayıl Şıxlı, Hüseyn Arif,Əlfi Qasımov və digər şəxslər ilə yaxından tanış olum.
Yola saldığımız əsrin 80-ci illərində “Azərnəşr”də böyük redaktor vəzifəsində çalışmaqla yanaşı, həm də Mətbuat və İnformasiya Nazirliyinin orqanı “Kitablar aləmində” jurnalında (1992-ci ildən “Zəka” adı ilə nəşr olunub) məsul katib idim. Tez-tez EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna gedirdim. Çox vaxt da institutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsində çalışan, ədəbiyyatşünas Teymur Əhmədovla görüşərdim. Aramızda dostluq münasibəti yaranmışdı və o da vaxt-bivaxt bizim redaksiyamıza gəlirdi. Mirzə İbrahimov o illərdə bu şöbəyə də rəhbərlik edirdi. Ancaq nədənsə gəlib-getdiyim həmin bu müddətdə onunla qarşılaşmamışdım.
Bir gün yenə institutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinə getmişdim. Böyük ədibin də burada olduğunu gördüm. Otaqda xeyli adam vardı. Əksəriyyəti məni tanıyırdı. Ani olaraq beynimdən keçən bir fikirdən həyəcanlandım: “Tanışlarıma əl vermədən ötüb Mirzə İbrahimovla salamlaşsam, onların şəxsiyyətinə hörmətsizlik etmiş olaram. Həm də məni yaltaqlıqda qınaya bilərlər…”
Yeri gəlmişkən, xarakterimdəki bir cəhəti də açıb demək yerinə düşərdi. Ağlım kəsəndən vəzifəsindən, mövqeyindən, var-dövlətindən asılı olmayaraq bütün insanlara eyni münasibətim olub. Kiminsə başqalarına qeyri-bərabər münasibətini qəbahət,insana yaraşmayan hal hesab etmişəm. Odur ki, tərəddüdlə də olsa, əvvəlcə şöbə əməkdalarından- Nazim Rizvan,Teymur Əhmədov və digərləri ilə əl verib görüşdükdən sonra Mirzə İbrahimovla salamlaşdım. Lakin şöbənin əməkdaşları, lap elə böyük ədibin özü də, məndəki bu tərəddüdü hiss etməyə bilməzdi. Nazim Rizvan əyilib qulağıma pıçıldadı: “Gərək birinci Mirzə müəllimlə görüşəydin…”
1981-ci ildə Mirzə İbrahimovun anadan olmasının 70 illiyi ölkəmizin hər yerində geniş qeyd edildi. Əksər dövri nəşrlər kimi bizim jurnalda da yazıçının yubileyinə töhfə olaraq böyük bir yazı(müəllifi Teymur Əhmədov idi) dərc olundu. Eyni zamanda,jurnalın əməkdaşları, redaksiya heyəti də görkəmli sənətkarı təbrik etdilər. Jurnalın mart nömrəsi artıq çapdan çıxmışdı. Teymur Əhmədov redaksiyaya zəng vurub xahiş etdi ki,mümkünsə, bir nüsxə də Mirzə İbrahimova çatdırım.
Evlərinə zəng çaldım. Dəstəyi özü qaldırdı. Yubileyi münasibətiylə əvvəlcə təbrik edəndən sonra dedim: “Mirzə müəllim,jurnalda haqqınızda yazı vermişik, bir nüsxə də sizə göndərmək istəyirik”.
Deyəsən,zəngim ürəyincə olmuşdu. Təşəkkürünü bildirdi,ünvanını dedi. Üstəlik, üzrxahlıq da etdi ki,münasib adam olsaydı,sizə əziyyət verməzdim…
Novruz bayramı ərəfəsi idi. Jurnalı qapıdan verib qayıtmaq istəyirdim ki, buraxmadı. Məni içəri dəvət elədi, iş otağında üzbəüz oturduq. Stolda səməni, Novruz şirniyyatlaeı vardı. Çay,mürəbbə gətizdirib dedi:
-Bayram günündə ayaq basdığın evdə çay içmədən, şəkərburanın, paxlavanın dadına baxmadan gedərsənsə, bu, günaha yazılmış olar.
Şəkərbura götürdüm, çaydan bir-iki qurtum aldım. Aramızda qısa, lakin çox səmimi söhbət yarandı.
Fürsətdən istifadə edib ürəyimdə çoxdan dolaşmaqda olan, lakin məqamı gəlmədiyi üçün ona deyə bilmədiyim fikirlərimi açıqlamaq qərarına gəldim:
-Mirzə müəllim, bir etirafım var. Gecikmiş də olsa, mən bunu etməliyəm. Özü də sizə etməliyəm, gərək məni bağışlayasınız…
O, başını qaldırdı, məni ilk dəfə görürmüş kimi diqqətlə üzümə baxdı:
-O nədir elə, nə etirafdır, nə bağışlanmaqdır, oğul?
Mən onunla Elmlər Akademiyasındakı ilk görüşümü yada saldım. Hər şeyi olduğu kimi açıb ona söylədim.
Ədib özünəməxsus tərzdə gülümsədi, baxışlarını təkrarən mənim üzərimdə gəzdirdi:
-Burada qəbahətli bir şey görmürəm. Əsas məsələ odur ki, otaqdakıların hamısıyla səmimi görüşüb, kef-hal tutmusan… Qaldı, özünənəzarətə, səhvə görə etirafa, bu, yaxşı əlamətdir. İllah da vaxtında edilmiş olsun… Təəssüf ki, çoxumuz etdiyimiz səhvləri yalnız ömrümüzün sonuna yaxın başa düşürük. Bu vaxt isə artıq gec olur. Yaxşı olardı ki, insan səhv etsə də, öz səhvini erkən etiraf edəydi və düzəldəydi. -Dahi sənətkar daha sonra fikirlərini məşhur İran hökmdarı Keyxosrovla bağlı kiçik bir rəvayətlə tamamladı.
Mirzə İbrahimovla sonuncu dəfə 1991-ci ilin may ayında görüşdük. Onda yazıçı “Hökumət evi” ilə üzbəüz binanın onuncu mərtəbəsində yaşayırdı. İş otağı zəngin bir kitabxananı xatırladırdı. “Yazıçı” nəşriyyatı tərəfindən yenicə çapdan buraxılmış “Məhəbbət dastanı” adlı kitabından birini də avtoqrafla mənə hədiyyə elədi. Kitabda ədib,əsasən, qələm və sənət dostları- Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun, Hüseyn Mehdi kimi şəxsiyyətlərin həyatının, yaradıcılığının dərinliklərində gizlədilmiş,bu günə qədər bizə məlum olmayan məqamlarından danışmaqla yanaşı, sonrakı nəsil-Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Elçin, Aqşin Babayev, Rafiq Zəka və başqalarının yaradıcılıq axtarışlarından söhbət açır…
Yaradıcılığı ilə həqiqi sənətin zirvəsinə ucalmış Mirzə İbrahimov bütün əsirlərin sevimli sənətkarlarındandır. O, dğma xalqının folklorundan,təfəkküründən, dilindən, əxlaqından heç vaxt uzaq olmayıb.
Unudulmaz sənatkarımız Azərbaycan xalqının əqli və zəkasında, təfəkkür dünyasında daim yaşayacaq, görkəmli ictimai xadim,alim, tədqiqatçı kimi həmişə fəxrlə yad ediləcəkdir.
noyabr,2011-ci il

YAŞIL İŞIQ

Yağmur, Məhəmməd, Dəniz,-
Yamanca dəcəldilər.
Yığıb oyuncaqları,
Küçəyə düzəldilər.

Yağmur yolun yanında
Gördü svetoforu.
Çox düşündü, bilmədi,
O necə keçsin yolu?

İşıq yanıb, sönürdü,-
QIRMIZI,YAŞIL,SARI.
Dedi:-hansı göstərir-
Piyadaya yolları?

Deniz dedi:-bilirsiz,-
Dədə öyrədib məni,-
Yaşıl işıq yananda
Keçməliyik küçəni.

YAĞMURUN KÖLGƏSİ

Əllərində oyuncaq
Həyətdə gəzdi Yağmur.
Arxasınca sürünən
Kölgədən bezdi Yağmur.

Yorulub hirsli-hirsli,
Soruşdu ki,ay ana,
Kimdi dalımca gəzən,
Məni başa salsana…

Anası gülüb dedi:
-Günəş sənə baş qoşub,
Tək darıxarsan deyə-
Kölgəni yoldaş qoşub…